Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «Cihaz mühəndisliyi» kafedrasının dosenti, texnika elmləri namizədi Abbasov Vaqif Abbas oğlunun bakalavr səviyyəsində “050604-Cihaz mühəndisliyi” ixtisası üçün tərtib etdiyi “Elektronika və sxemotexnika” adlı fənn proqramına RƏY Təqdim edilən fənn proqramı “Elektronika və sxemotexnika” fənninin ümumi nəzəri və praktiki bölmələrini əhatə edir. Fənn proqramının yarımkeçirici diodlar bölməsində diodların strukturu, işləmə prinsipi, volt-amper xarakteristikası və dodun gərginlik mənbəyinə qoşulma sxemləri araşdırılmışdır. İxtisaslaşdırılmış diodlardan stabilitron, optik diodlar, işıq diodu və fotodiodların xarakteristikaları, işləmə prinsipi və onların əsasında praktik sxemlər təhlil edilmişdir. Bipolyar tranzistorlar və onların strukturu, kollektor xarakteristikaları əyrilərinə əsasən işləmə prinsipinin izahı, bipolyar tranzistor əsasında elektron sxemlərin analizi aktual mövzulardandır. Keçidli sahə tranzistorları və metaloksid yarımkeçirici sahə tranzistorları, onların strukturu, xüsusiyyətləri və müxtəlif işləmə rejimləri və xarakteristikaları haqqında vacib olan informasiyalar verilmişdir. İnteqral əməliyyat gücləndiricilərinin daxili struktur sxemi, parametrləri, giriş siqnalı rejimləri, mənfi əks-əlaqə konsepsiyası, qapalı konturlu əməliyyat gücləndirici əsasında gücləndirici sxemlərin analizi mövzuları mühüm əhəmiyyətə malikdir. Fiziki kəmiyyət sensorlarının informasiya-ölçmə və idarəetmə sistemlərinə qoşulması üçün həll edilməsi vacib olan məsələlər, o cümlədən gərginlik və cərəyan çıxışlı generator sensorların, parametrik sensorların ekvivalent sxemləri və ölçmə sisteminə qoşulma sxemləri, sensorların siqnalını ixtisaslaşmış ölçmə gücləndiriciləri, sensorlarla informasiyanı emaletmə sxemlərini qalvanik ayırma prinsiplərinə xüsusi yer verilmişdir. Sensorların çıxış siqnallarını ölçmə sxemləri, metal və yarımkeçirici termomüqavimət sensorların, termoelektrik sensorların çıxış siqnalını ölçmə sxemləri, yarımkeçirici termistorun və termomüqavimət sensorların ölçmə dövrəsinə qoşulma və çevirmə xarakteristikasını xəttiləşdirmə sxemləri, termocütün soyuq uclarının temperaturunu passiv və aktiv kompensasiya sxemləri aktual mövzulardır. Laboratoriya işlərinin mövzuları fənnin daha yaxşı mənimsənilməsi və hesablamalar tələb edən məsələlərin həll edilməsi üçün praktiki əhəmiyətə malikdir. Fənn proqramı uyğun terminlərdən istifadə edilməklə səlis, aydın dildə yazılmış və yüksək səviyyədə tərtib edilmişdir. Fənn proqramı Ali təhsil pilləsinin Dövlət Standartının Bakalavr səviyyəsi üzrə “050604 - Cihaz mühəndisliyi” ixtisasının təhsil proqramına uyğun tərtib olunmuşdur. Fənn proqramının qriflə nəşr olunmasını tövsiyə edirəm. Milli Aviasiya Akademiyasının «Aerokosmik cihazları» kafedrasının dosenti, t.e.n. K. Ş. Ramazanov Dosent K.Ş. Ramazanovun imzasını təsdiq edirəm: Milli Aviasiya Akademiyasının Elmi Şurasının katibi, t.e.d., professor X. İ. Abdullayev